Respublikamızda geniş yanacaqdoldurma məntəqələri şəbəkəsinə malik olan “Azpetrol” şirkəti elektromobillərin enerji ilə doldurulmasında da liderlik edir
22.07.20192015-ci ildə qəbul edilən Paris BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasını imzalayan tərəflərdən biri kimi Azərbaycan hökuməti də elektromobillərin istifadəsinin təşviqi istiqamətində işlər görməyə başlamışdır. Belə ki, “GreenCar” MMC, Azərbaycan Avtomobil Federasiyası və İDEA (Ətraf mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin dəstəyi ilə 2014-cü ildən ölkə ərazisində geniş miqyaslı innovativ-ekoloji layihələrin həyata keçirilməsinə başlanıb. Layihələr çərçivəsində elektromobillərlə bağlı ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsi və ətraf mühitin mühafizəsi və sağlam ekoloji mühitin yaradılmasına dəstək vermək nəzərdə tutulur. O cümlədən, layihə çərçivəsində elektromobillər və elektriklə çalışan digər nəqliyyat vasitələri də Azərbaycana gətirilmişdir. Bunları nəzərə alan “Azpetrol” şirkəti də bu sahədə uğurlu addımlar ataraq, elektromobil sahiblərinə töhfə olaraq özünün bir çox YDM-lərində elektrikdoldurma (elektrikyükləmə) stansiyalarını istifadəyə verib. 0 Belə ki, “Azpetrol” brendi altında fəaliyyət göstərən “H.Əliyev prospekti 105”, “H.Əliyev prospekti 108”, “K.Marks”, “Spartak”, “Mayak”, “Mayak-2”, “Babək”, “Nobel”, “Gənclik”, “Mərdəkan”, “Qələbə”, ”Sumqayıt-1”, “Ələt” və “Salyan-2” yanacaqdoldurma məntəqələrində elektromobillərin enerji ilə doldurulması üçün ABB şirkətinin İtaliya istehsalı olan Terra-54 modelli 14 ədəd aparat quraşdırılıb. Dünyanın ən yaxşı yenilənmiş versiyası olan Terra-54 çox standartlı DC sürətli enerji doldurma stansiyasıdır (cihazıdır). Terra-54, artan elektrikli vasitə akkumulyatorun tutumunu dəstəkləyir və 200-500 V DC-da 50 kVt fasiləsiz doldurma təmin edir. Terra-54 elektromobilin batareyasını 20-25 dəqiqə ərzində tam doldurmağa imkan verir. Onu da qeyd edək ki, doldurulma müddəti elektromobillərin markasından asılı olaraq dəyişir. Avtomobil sahiblərinin nəzərinə çatdırırıq ki, yuxarıda adı çəkilən “Azpetrol”un YDM-lərində elektromobillərə göstərilən xidmət pulsuzdur. Bundan əlavə, “Azpetrol” şirkəti yaxın gələcəkdə daha iki – “Kürdəmir Asan” və “Şamaxı Asan” YDM-lərində də elektromobillər üçün yükləmə stansiyalarını istismara verəcək.